Medinex: müasir tibbin bənzərsiz yenilikləri

Medinex: müasir tibbin bənzərsiz yenilikləri

6 noyabr 2019 0000

Noyabrın 6-da JW Marriott Absheron Baku otelində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex” öz işinə başladı. Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribyutorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədi ilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirirlər.  

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Azərbaycan Stomatoloqlar Assosiasiyasının prezidenti Rəna Əliyeva və “Caspian Event Organisers” (“CEO”) şirkətinin Baş direktoru Fərid Məmmədov iştirak ediblər.

Öz çıxışında Azərbaycan Respublikası səhiyyə nazirinin müavini E. Ağayev ölkədə səhiyyə sisteminin inkişafına töhfə verən çoxillik Səhiyyə sərgisinin Azərbaycanda ənənəvi səmərəliliyini qeyd edib. Hazırda sərgi öz brendini dəyişsə də, səhiyyə sahəsində müasir innovasiyalar platforması və naviqator rolunu qoruyub saxlayıb. “MEDINEX 2019” sərgisi barədə statistik məlumatları qeyd edən nazir müavini bazarın xarici iştirakçıları və profilli şirkətlərin nümayəndələri tərəfindən sərgiyə artan marağı vurğulayıb. “B2B” formatlı görüşləri, sektorun peşəkarları tərəfindən forum və seminarların keçirilməsini ehtiva edən zəngin işgüzar proqram bu tədbirin inkişafına əlavə stimul verir.

“Caspian Event Organisers” (“CEO”) şirkətinin Baş direktoru Fərid Məmmədov göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, eləcə də sərginin tərəfdaş və sponsorlarına təşəkkür edib və iştirakçılara səhiyyə sənayesinin bütün sahələrində uğurlu iş, yeni işgüzar əlaqələr və daha güclü beynəlxalq əməkdaşlıq əlaqələri arzulayıb.

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib. Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribyutor və istehsalçılar tərəfindən təmsil olunub. Belarus Respublikası “Medinex”  sərgisində 8 aparıcı tibb müəssisəsini ehtiva edən milli pavilyon ilə iştirak edir.

Medinex sərgisi tibbdə informasiya texnologiyaları, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələri, laboratoriya texnologiyaları və avadanlıqları, stomatologiya, optika və oftalmologiya, tibbi turizm, diyetologiya və tibbi təhsil kimi sahələri əhatə edir.

Sərginin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. İki gün ərzində "Təqdimatlar zonası”nda sərgi iştirakçıları eksklüziv məhsulları və ən yaxşı xidmətləri ilə çıxış edəcəklər. “İnnovasiyalar zonası” artıq bu gündən səhiyyənin gələcəyinə nəzər salmaq üçün unikal imkandır.

Öz dinamikliyi ilə seçilən “Təqdimatlar zonası” bir sıra tədbirləri ehtiva edir. Belə ki, 6 noyabr tarixində xüsusi dəvət edilmiş xarici mütəxəssislərin iştirakı ilə "Klinikaların effektiv idarəedilməsi" adlı sessiya keçiriləcək. 7 noyabr tarixində isə xaricdə yaşayan və işləyən Azərbaycanlı həkimlər xüsusi “Bizimkilər” sessiyasının məruzəçiləri qismində çıxış edəcəklər.

“Medinex” sərgisi ilə eyni platformada Azərbaycanda gözəllik sənayesinin yeganə tədbiri - Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgisi keçiriləcək. Sərgi çərçivəsində yerli və xarici iştirakçılar estetik tibb, uşaq kosmetikası, bədənə qulluq etmək üçün məhsullar, kosmetika, dişlərə qulluq, saçlara qulluq etmək üçün məhsullar, gigiyena və sağlamlıq, dırnaq salonları üçün avadanlıq və məhsullar, ətriyyat, peşəkar gözəllik salonları üçün avadanlıq və s. kimi sektorları təqdim edəcəklər.

“Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgilər həmçinin Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində Caspian Event Organisers (CEO) şirkəti çıxış edir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN