Lev Kazmin, “Dornier MedTech” (Almaniya) şirkətinin satış üzrə regional meneceri
-Baş ofisi Münhen şəhərində yerləşən Almaniyanın “Dornier MedTech” şirkəti distant litotripsiyanın pioneridir. Məhz 1980-ci ildə Münhen şəhərində yerləşən universitet klinikasında ilk dəfə insan böyrəklərində olan daşın parçalanması həyata keçirilib. Bu texnologiya dərhal böyük populyarlıq qazanıb və uroloqlar indiyə kimi bu metoda böyük ehtiyac duyurlar. Bu gün şirkət distant litotripter bazarında liderdir və biz bu bazarın qırx faizindən böyük hissəsini əhatə edirik. Həmçinin şirkət ümumi cərrahiyyə və uroloji lazerləri də istehsal edir. Ümumiyyətlə, urologiya və sidik yolu daşları xəstəliklərinin müalicəsi bizim əsas fəaliyyət istiqamətidir. Şirkət urologiya, ortopediya, travmatologiya, idman səhiyyəsi və fizioterapiya sahələrində tətbiq edilən müxtəlif növ litotripter, lazer, zərbə-dalğa terapiyası aparatlarını Bakıda keçirilən sərgidə ziyarətçilərə təklif edir.
Bizim avadanlıqlar Azərbaycanda yaxşı tanınır. “Dornier” markalı kompleks modul, səyyar və stasionar avadanlıqları Azərbaycanın dövlət və özəl klinikalarında geniş tətbiq edilir. Sərgidə bizim avadanlıqların istifadəçiləri ən müsbət rəylər ilə stendimizə yaxınlaşırlar. Bundan başqa, gələcəkdə bizim aparatları almaq istəyənlər də böyük maraq göstərirlər. Düşünürəm ki, sərgi yaxın gələcəkdə müsbət nəticələr verəcək və gələn ildən Azərbaycanda bizim avadanlıqların sayı artacaqdır.