Yaqut Lətifova, Baku Medical Plaza, nevroloq
Bir nevroloq olaraq sahəmizdəki yeniliklərlə tanış olmaq, yeni avadanlıqlara, fizioterapiya və insultdan sonra reabilitasiya üçün preparatlara baxmaq istəyirəm. Ona görə də bütün bunları istehsalçıların özlərində görmək, onlarla söhbət etmək, təcrübə mübadiləsi aparmaq üçün sərgilərdə iştirak edirik.
Fizioterapiya sahəsində kifayət qədər məlumatlıyıq, lakin yeni tendensiyaları, istiqamətləri, bizə lazım olan kimyəvi tərkibli dərmanları öyrənmək hər zaman maraqlıdır. Dünyada bir çox preparat istehsal olunur ki, biz onlar haqqında müxtəlif mənbələrdən öyrənir, onları sərgilərdə görürük, lakin onlar bizin bazara daxil olmur.
"Medinex" sərgisi, şübhəsiz ki, yerli tibb sənayesi üçün vacibdir. Sərgi ölkədə və dünyada tibbin inkişaf tempi, işgüzar əlaqələrin yaradılması və əməkdaşlığın qurulması barədə xeyli məlumat əldə etmək imkanı verir. Təəssüf ki, bəzi yerli şirkətlər məhsullarını tanıtmaqda sərgilərin vacib rolunu tam başa düşmür. Sərginin müsbət tərəfi həmişə peşəkar şaquli əlaqələrin gücləndirilməsidir, çünki burada müəllimlərinizlə, keçmiş həmkarlarınızla, tələbələrinizlə görüşmək fürsəti təmin edilir.