TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovun “Medinex” sərgisinin açılış mərasimindəki çıxışı

TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovun “Medinex” sərgisinin açılış mərasimindəki çıxışı

4 noyabr 2022 0000

Dəyərli və hörmətli qonaqlar!

Mən də öz növbəmdə hər birinizi “Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin açılış tədbirində salamlayıram. Dəvətimizi qəbul edib gəldiklərinə görə, hörmətli qonaqlarımıza minnətdarlığımı bildirirəm!

Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı islahatlar ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə səhiyyənin mövcud potensialından maksimum səmərəli istifadə etməklə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyənin maddi-texniki təminatının möhkəmləndirilməsi və tibbi heyətin peşəkarlığının yüksəldilməsi istiqamətində son illər yeni innovasiyalar tətbiq etməklə yüksək nəticələr əldə olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən “Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi tibb sahəsindəki innovasiyaları genişləndirmək, yenilikləri təqdim etmək, yeni təmayülləri müəyyənləşdirmək məqsədi daşıyır.

“Medinex” sərgisi Qafqaz regionunda tibdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, ortopediya, optika və oftalmologiya, pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar və xidmətlər, diyetologiya, tibbi təhsil, sağlam həyat tərzi kimi sektorların peşəkarlarını bir araya toplayan ixtisaslaşmış tədbirdir.

TƏBİB sərgidə rəsmi tərəfdaş olmaqla bərabər, 64  kvadrat metrlik sahəni əhatə edən rəsmi pavilyonla təmsil olunur. Sərgi çərçivəsində TƏBİB-in dəstəyi ilə tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlər keçiriləcək. Beləliklə, laparoskopik cərrahiyyədə müasir texnologiyaların tətbiqi,  ürək-damar xəstəliklərinə çoxtərəfli baxış, aktual uşaq və yeniyetmə problemlərinə psixiatrik yanaşma, hemofiliyalı xəstələri üçün stomatolji və fizioterapevtik xidmətlər, diaqnostika, nutrigenetika, gələcəyin texnologiyaları olan 3D mulyajlar, müasir protez texnologiyaları, onkoloji xəstəliklərin erkən diaqnostikası, innovativ ortez protezlər və onların reabilitasiyada tətbiqi, münaqişədən sonrakı dövrdə psixi sağlamlıq xidmətləri, xəstəliklərin müalicəsində kök hüceyrə və nanotexnologiya əsaslı metodların tətbiqi, vərəm və digər ağciyər xəstəliklərinin skrininqində süni intellektin tətbiqi və kök hüceyrə transplantasiyası kimi mövzular müzakirə olunacaqdır.

Eyni zamanda, tərəfimizdən tibbin tarixini əks etdirən fotosərgi təşkil olunub ki, ziyarətçilər üçün maraqlı olacağına inanıram.

Ümidvaram ki, bu mühüm səhiyyə tədbirinin iştirakçıları beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanı ilə yanaşı, səmərəli təcrübə mübadiləsi və yeni biliklər əldə edəcəkdir.

Fürsətdən istifadə edib, “Caspian Event Organisers” şirkətinə təşkilatçılıq üçün təşəkkür edir, sərginin işində uğurlar arzu edirəm!


Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN