Noyabrın 4-də Bakı Ekspo Mərkəzində"Medinex" III Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi öz işini başa çatdırıb. Tədbir çərçivəsində "Beauty Azerbaijan" adı altında gözəllik sahəsini təmsil edən şirkətlərin iştirakı təşkil olunub. Hər iki tədbir on dörd ölkədən yüzə yaxın iştirakçı şirkəti bir araya gətirib və minlərlə yerli və xarici ziyarətçinin böyük marağına səbəb olub.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev açılış mərasimindəki çıxışında uzun illərdir keçirilən tibbi sərgilərin müstəqil Azərbaycanın inkişafının əsas istiqamətlərindən biri olmaqla səhiyyənin uğurlarını əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.
Bu sərgi beynəlxalq səviyyədə tibb sahəsində ənənəvi layihələrin möhtəşəm davamı olmuş, sənaye mütəxəssisləri və ekspertlərini, biznes nümayəndələrini və tibblə bağlı bütün təşkilatları bir platformada bir araya gətirmişdir.
Zəngin ekspozisiyalar ziyarətçilərə tibbdə informasiya texnologiyaları, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik məhsullar, stomatoloji avadanlıqlar, tibbi turizm və s.-ni təqdim edib. Tibbi və laboratoriya avadanlıqları praktikant həkimlərin böyük marağına səbəb olub. Aparıcı yerli və xarici istehsalçılar və distribyutorlar ölkənin klinikalarını yaxşılaşdırmağa, istehlakçıların ehtiyaclarını ödəməyə və müalicənin effektivliyini artırmağa kömək edəcək yeniliklər və xidmətləri nümayiş etdirib.
Builki sərgilər əlamətdar yubileylə üst-üstə düşüb. Bu il Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu. Ulu öndər hər zaman tibb sahəsinin inkişafına və innovativ layihələrə xüsusi önəm vermiş, bu istiqaməti dövlətin inkişafının əsas prioritetləri sırasında vurğulamışdır. Sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Tibbi İnnovasiyalar Forumu" təşkil olunub.
Bu il tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da anadan olmasının 100 illiyi qeyd olunur. Sərgidə bu əlamətdar hadisəyə həsr olunmuş oftalmologiya üzrə tematik panel müzakirəsi keçirilib.
Ümumiyyətlə, sərgi çərçivəsində keçirilən işgüzar proqram bir çox sənaye mütəxəssislərinin böyük marağına səbəb olub. Peşəkar şəkildə təşkil edilmiş və keçirilən sessiyalar və panel müzakirələri tibbin ən aktual məsələləri üzrə bilik və təcrübələrini bölüşən aparıcı mütəxəssis və praktikantları bir araya gətirdi. Xarici şirkətlərin nümayəndələri jurnalistlərlə söhbətində vurğulayıblar ki, işgüzar proqramın bu qədər yüksək səviyyədə olması ən yaxşı təcrübələrini bölüşə bilmələri üçün gələcəkdə sərgiyə Avropanın tanınmış professorlarını, həkimlərini və şirkət nümayəndələrini dəvət etməyi zəruri edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "Medinex" 2023 sərgisinin rəsmi sponsoru qismində çıxış edib. Sərgilərin təşkilatçıları "Caspian Event Organisers", eləcə də onun tərəfdaşları "Caspian Event Management" və "ICA Events" şirkətləridir