Hörmətli Teymur müəllim!
Hörmətli Əhliman müəllim!
Hörmətli Cəmil müəllim!
Hörmətli Vüqar müəllim!
Dəyərli sərgi iştirakçıları və ziyarətçilər!
Hər birinizi Medinex-2022 - Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin açılışında görməkdən çox məmnunam.
Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə başlanılan səhiyyə islahatları bu gün də uğurla davam edir. Səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Ölkə üzrə icbari tibi sığortanın tətbiqi bu islahatların tərkib hissəsidir. Məqsədimiz əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq və uzunmüddətli perspektivə universal tibbi təminata nail olmaqdır.
Hamıya məlumdur ki, ixtisaslaşmış beynəlxalq sərgilər yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün səmərəli platformadır. Sərgilər ölkənin tanıdılmasında, yeni tərəfdaşların qazanılmasında, iştirakçı ölkələr arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafının təmin edilməsində mühüm yer tutur. İnnovativ texnologiyaların ildən-ilə sürətlə inkişaf etdiyini də nəzərə alsaq, bütün sahələrdə, istər tibb olsun, istər təhsil, turizm və digər sahələrdə tətbiq edilən yeniliklərdən xəbərdar olmaq üçün sərginin təşkili mükəmməl fürsətdir.
Bu gün açılışında iştirak etdiyimiz sərgi də tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin özəl və dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Bildiyiniz kimi, müasir tibdə istər xəstəliklərin müayinə və müalicəsində istifadə edilən tibbi avadanlıqlar, istərsə də dərman vasitələri ildən-ilə daha da təkmilləşir, yenilənir. Tibdə yeni texnologiyaların tətbiqi tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, sonrakı mərhələlərdə tibbi xərclərin azalmasına gətirib çıxarır. Bu da maliyyə resurslarının digər vəzifələrin icrasına - əhalinin icbari tibbi sığorta çərçivəsində daha çox xidmətdən yararlanması üçün tibbi xidmətlərə olan ehtiyacların müəyyənləşməsinə, nəticədə Xidmətlər Zərfinin əhatə dairəsinin genişləndirilməsinə öz töhfəsini verə bilər. Yeniliklərdən xəbərdar olmağın ən gözəl yollarından biri isə bu cür ixtisaslaşmış sərgilərə həm iştirakçı, həm də ziyarətçi kimi qatılmaqdır.
Tibbi xidmətin keyfiyyəti dərman vasitələri, tibbi avandlıqlar və digər zəruri ləvazimatlardan asılıdır. Hesab edirəm ki, bu sərgi iştirakçılar arasında yeni əlaqələrin qurulması, istər özəl, istərsə də dövlət tibb müəssisələrinin ehtiyaclarının yaxından öyrənilməsi üçün bir fürsətdir.
Məlumat üçün bildirim ki, Agentlik ilk dəfədir Medinex-2022 sərgisinin rəsmi dəstəkçisi qismində çıxış edir. Agentlik eyni zamanda sərgidə xüsusi stendlə təmsil olunur. Stenddə yerləşdiriləcək maketlər vasitəsilə ziyarətçilərə icbari tibbi sığorta sisteminin işləmə mexanizmi aydın şəkildə təqdim olunacaq. Həmçinin stenddə quraşdırılan toxunma ekranlı monitor (touch screen) və çap materialları vasitəsi ilə ziyarətçilər icbari tibbi sığortaya aid məsələlər haqqında ətraflı məlumat əldə edə biləcəklər.
Tibb və səhiyyə sahəsində fəaliyyət göstərən bütün iştirakçıları sərgini ziyarət etməyə dəvət edirəm. Ümid edirəm ki, burada keçiriləcək görüşlər, aparılacaq müzakirələr hər kəs üçün faydalı olacaq.
Sərginin işinə uğurlar arzulayır, diqqətinizə görə təşəkkür edirəm.