Notyabrın 2-də Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi baş tutub. Bu tədbir çərçivəsində, gözəllik sektoruna aid şirkətlərin iştirakı "Beauty Azerbaijan" adı altında təşkil olunub.
Hər iki tədbir sənaye ekspertlərini, beynəlxalq sahibkarları və müxtəlif ölkələrdən VIP qonaqları bir araya gətirdi. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrinin İdarə edilməsi Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev öz çıxışında uzun illərdir keçirilən tibbi sərgilərin müstəqil Azərbaycanın inkişafının əsas istiqamətlərindən biri olmaqla səhiyyənin uğurlarını əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb. Nazirliyin rəhbəri qeyd edib ki, bu sərgi tibb sahəsində ənənəvi layihələrin möhtəşəm davamıdır və nazirlik sənaye mütəxəssisləri və ekspertlərini, biznes nümayəndələrini və tibblə bağlı bütün təşkilatları bir platformada toplayan bu beynəlxalq tədbiri hər cür dəstəkləyir.
Tibb sahəsi dünyada ən çox inkişaf edən sahələrdən biridir, ona görə də bu gün bütün ölkələr müasir tibbi avadanlıq və məhsullarla təmin olunmaqda maraqlıdırlar. Buna əsaslanaraq, "Medinex" sərgisi xüsusi yer tutur və peşəkarlar arasında fikir mübadiləsini təmin edir, onları sahənin yenilikləri ilə tanış edir və mühüm işgüzar əlaqələr yaradır, - deyə natiq öz çıxışını yekunlaşdırdı.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında "Medinex" sərgisinin ölkənin tibb ictimaiyyəti üçün mühüm hadisə olduğunu qeyd edib. Azərbaycan hazırda tibb və tibbi sığorta sahəsində müsbət dəyişikliklər, əhalinin tibbi preparatlarla təmin edilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması və əlverişli qiymətlərlə xarakterizə olunur. Ona görə də, təsadüfi deyil ki, bu sərgi ildən-ilə genişlənir. Bu il burada təkcə tibbi avadanlıq və preparatlar deyil, həm də tibbi təhsil və sağlamlıq turizmi sahələri təqdim olunur ki, bu da sevindirici haldır. Sərgi, şübhəsiz ki, dövlət və özəl tibb müəssisələrinin maddi-texniki bazasının inkişafında mühüm rol oynayır. Sonda cənab Əmiraslanov sərginin işgüzar proqramının mühüm rolunu və gənc nəslin inkişafına verdiyi töhfəni vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, Azərbaycan səhiyyəsinin inkişafı da uğurla irəliləyir. Bu, müayinə və müalicəyə, tibbi avadanlıqlara və preparatlara aiddir. Sərgi bu nailiyyətlərin dövlət və özəl təşkilatların və şirkətlərin əməkdaşlarına nümayiş etdirildiyi gözəl platformadır. Natiq bu sərgidə iştirak edənlərin tanış olacağı məhsulların sahədə tətbiq ediləcəyinə və gələcəkdə tələb olunacağına əminliyini ifadə edib.
Tibbi Ərazi Bölmələrinin İdarə edilməsi Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov tibb sahəsində əhaliyə xidmətin müasir səviyyəsinin yüksəlişinin sabitliyini vurğulayıb. TƏBİB sərginin rəsmi tərəfdaşıdır və burada öz stendi ilə təmsil olunur. Cənab Qurbanov qeyd edib ki, stenddə tibbi xidmətlərin təşkili, onların əlçatanlığı və bir sıra aktual startaplar sahəsində layihələr nümayiş etdirilir. Sərgilər cəmiyyətin sahənin yenilikləri, tibb sahəsində müasir tendensiyalarla tanış olmasında mühüm rol oynayır. Sərginin işgüzar proqramında bir sıra aktual səhiyyə məsələləri müzakirə olunacaq. Natiq "Medinex"in əvvəlki sərgilərində təqdim olunan bir sıra layihələrin bu gün ölkənin regionlarında uğurla həyata keçirilməsindən məmnunluğunu bildirib. "Əminəm ki, builki sərgi onun bütün iştirakçıları üçün faydalı olacaq", - deyə TƏBİB rəhbəri çıxışını yekunlaşdırıb.
"Caspian Event Organisers" şirkətinin icraçı direktoru Fərid Məmmədov sərgi ilə bağlı statistik məlumatlar verdi və tədbirin tərəfdaşlarına və sponsorlarına təşəkkürünü bildirdi.
Bu ilki sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə “Medinex” sərgisində də öz əksini tapıb. Belə ki, sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tibbi İnnovasiyalar Forumu” təşkil olunacaq. Bu il, həmçinin tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü qeyd olunur. Sərgidə bu əlamətdar hadisəyə həsr olunmuş oftalmologiya mövzusunda panel müzakirəsi baş tutacaq.
“Medinex” sərgisi ənənəvi olaraq sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayır.
“Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm və nüfuzlu tibbi tədbirdir. Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distributorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehslakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
Sərgilərə ümumilikdə 14 ölkədən 100 şirkət qatılıb. İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır. Sərgi ekspozisiyası “Diamed CO", “Arash Medical Company”, “ASMEDİCAL”, “Labservis LTD”, “IHG” (International Health Group), “Biopharmax AFEZCO” kimi mühüm yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin ixtisaslaşmış şirkətlərini bir araya gətirib. Sərgidə xarici şirkətlərlə yanaşı, tibbi avadanlıqların aparıcı yerli distribütorları, qlobal istehsalçıların tərəfdaşları, eləcə də “Made in Azerbaijan” brendi altında məhsulların yerli istehsalçıları da iştirak edirlər. Bu il xüsusi olaraq sərgidə Belarus və Qazaxıstan, bundan başqa, Rusiyanın müxtəlif vilayətləri - Yaroslavl, Moskva, Sverdlovsk vilayətləri, eləcə də Tatarıstan Respublikası öz kollektiv stendləri ilə çıxış edirlər.
Sərgi aşağıdakı bölmələr üzrə təşkil olunacaq:
tibbdə informasiya texnologiyaları;
tibbi avadanlıq və cihazlar;
laboratoriya avadanlıqları;
dərman vasitələri;
vitaminlər və bioloji aktiv əlavələr;
ortopedik məhsullar;
stomatoloji avadanlıq və alətlər;
optika və oftalmologiya;
tibbi turizm;
tibbi sərfiyyat malları.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” 2023 sərgisinin rəsmi dəstəkçisidirlər.