Emiliya Nəsibova, podoloq–estetist
-Mən gözəllik sahəsində çalışıram və sərgiyə gəlməkdə məqsədim gözəllik və sağlamlıq sahəsində təqdim olunan məhsullarla yaxından tanış olmaq idi. İstifadə etdiyimiz məhsulların böyük hissəsini xaricdən sifariş edirik. Sərgidə iştirak edən şirkətlər arasında rus istehsalçısının olduğunu öyrəndikdən sonra onlarla şəxsən tanış olmaq üçün gəldim. Bu şirkətin podologiya üzrə məhsulları qiymət–keyfiyyət nisbətinə görə bizim sahədə həmişə böyük tələbat görüb. Hazırda bu məhsullar yerli bazarda mövcud deyil. Buna görə də əməkdaşlıq qurmaq və həmin məhsulların Azərbaycanda rəsmi distribyutoru statusunu almaq üçün danışıqlar apardıq.
Bundan əlavə, işimizdə müxtəlif tibbi məhsullardan da aktiv istifadə edirik — dərman preparatları, alətlər, bintlər, mazlar, xalatlar, maskalar və s. Bu səbəbdən sərginin tibbi istiqaməti də mənim üçün maraqlı oldu. Burada işimizdə tətbiq edə biləcəyimiz çoxlu yeni və cazibədar təkliflər tapdım.
Ümumilikdə, Bakıda tibbi sərginin keçirilməsinin bir çox üstünlükləri var. Bu, mühüm əlaqələrin və partnyorluqların qurulduğu, istehsalçılar və təchizatçılarla birbaşa tanışlıq imkanı yaradan, məhsula yaxından baxıb mütəxəssis tövsiyələrini yerindəcə almağa şərait yaradan çox faydalı platformadır. Medinex bir daha biliklərimi genişləndirdi və məni axtardığım kommersiya məhsulu ilə tanış etdi.