Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin “Medinex” sərgisinin açılış mərasimindəki çıxışı

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin “Medinex” sərgisinin açılış mərasimindəki çıxışı

4 noyabr 2022 0000

Hörmətli qonaqlar, xanımlar və cənablar,

Ölkə səhiyyəsinin inkişafı dövlət quruculuğunda prioritet istiqamətlərdən olduğundan tibbi sərgilər Respublikamızda müstəqilliyin ilk illərindən keçirilməyə başlanılmışdır. Bugünkü sərgi artıq 30 ilə yaxın bir dövrü əhatə edən müsbət ənənənin davamıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsidir ki, Respublikamızda müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir.

Eyni zamanda, tibb mütəxəssislərimiz əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqlarının səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün sektordakı dəyişiklikləri yaxından izləyirlər.

Ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunmuş əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir. Bu baxımdan, Səhiyyə Nazirliyi olaraq tibb ictimaiyyətinə innovativ məhsulların tanıdılmasına, mütəxəssislərin müasir trendləri izləməsinə, elmi-texniki nailiyyətlərin tətbiqinə imkan yaradan sərgilərin təşkilini yüksək qiymətləndirir və dəstəkləyirik.

Səhiyyə sektoru qlobal miqyasda ən sürətlə inkişaf edən sahələrdəndir. Bugünkü şəraitdə uğur qazanılması üçün keyfiyyətli məhsulların yalnız istehsalı və onların bazara çıxardılması kifayət etmir. Tibbi məhsulların tanıdılması uğuru istehsal uğuru qədər əhəmiyyətlidir.

Bu gün 10-dan çox ölkədən 80-ə yaxın şirkətin qatıldığı Medinex sərgisi artıq 2-ci dəfədir ki ölkəmizdə təşkil olunur. 2019-cu ildən ötən dövrdə COVİD-19 pandemiyası hər bir ölkənin özünü tibbi məhsullarla təmin edə bilməsinin strateji məsələ olduğunu önə çıxartdı. Bu baxımdan, budəfəki sərginin əhəmiyyətini bir daha vurğulamaq istərdim. Bu gün burada qurulan münasibətlərin qarşılıqlı biznes maraqlarının yüksəldilməsinə, investisiya yatırımlarının artırılmasına və əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyinə inanıram.

Medinex sərgisinin həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacağına əminəm. İnanıram ki, növbəti illərdə yerli istehsal olan tibbi məhsullar və avadanlıqlara həsr olunmuş stendlərin sayının artdığının şahidi olacağıq.

Sərginin təşkilatçılarına təşəkkür edirəm və səhiyyə naziri olaraq bir təşəbbüs irəli sürmək istərdim. 2023-cü ildə səhiyyə və tibb elmi sahəsində nüfuzlu beynəlxalq elmi nəşrlərin tanıdılmasına həsr olunmuş sərginin təşkilini təklif edirəm. Səhiyyə Nazirliyi belə bir sərginin təşkili üçün hər cür dəstək göstərməyə hazırdır.

Bir daha bugünkü tədbirdə hər birinizi salamlayıram və Sərginin işinə uğurlar arzu edirəm.


Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN