Sədaqət İsmayılova, “Diamed Co” şirkətinin İctimaiyyətlə əlaqələr və marketinq üzrə meneceri
Birdəfəlik şprislərdən genişmiqyaslı istifadə dövlət əhəmiyyətli məsələdir. Bizim şirkət “Səhiyyə” sərgisində dəfələrlə iştirak edib, lakin sizin də gördüyünüz kimi, belə dar profilli ixtisaslaşma ilk dəfədir ki, baş verir. Qeyd etmək lazımdır ki, sərgidə əvvəlki iştirak şirkət üçün faydalı olub - tədbirin səmərəsi həm stendi ziyarət edənlərin sayında, həm də bizim brendin tanınmasında özünü büruzə verir. Buna görə də, bizim sərgi təşkilatçıları ilə işgüzar əlaqələrimiz bu il də davam edir.
Şpris istehsalı zavodu Pirallahı Sənaye Parkında inşa edilib. Azərbaycanda şpris istehsal edən bu ilk müəssisə “Diamed Co” şirkəti tərəfindən inşa edilib və 2017-ci ilin may ayında parkın rezidenti kimi qeydiyyatdan keçib. Müxtəlif həcmli birdəfəlik şpris zavodunun istehsal gücü ildə 150 milyon ədəd şpris təşkil edir. Burada istehsal edilən şprislər bizim səhiyyə sistemində istifadə edilir və beləliklə, Azərbaycan bu sahədə idxaldan asılılığı aradan qaldırıb.
Biz işgüzar əlaqələrin daha da möhkəmlənməsinə, daimi müştəri çevrəsinin genişlənməsinə və gələcəkdə xarici bazara çıxış əldə etməyə ümid bəsləyirik.
Ümidvaram ki, bu sərgi qarşıya qoyulan tapşırıqların həllində bizə köməklik göstərəcək.